La Liqadan inqilabi yenilik: Bu qərarı süni intelekt verəcək
La Liqanın prezidenti Xavyer Tebas yeni mövsümdən etibarən İspaniya futbolunda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün süni intellekt tətbiq olunacağını açıqlayıb.
Aut.az xəbər verir ki, ispaniyalı funksioner bu yeniliyin iki əsas istiqaməti əhatə edəcəyini bildirib:
“Biz hakimlik sisteminə süni intellekti daxil edəcəyik. Burada iki əsas istiqamət olacaq.
Birincisi, hakimlərin işinin qiymətləndirilməsidir. Hər oyundan sonra Hakimlər Texniki Komitəsi müxtəlif aspektləri analiz edən müşahidəçilərdən istifadə edir. Söhbət 30 fərqli meyardan gedir. Hazırda bunu insanlar edir, 20 müxtəlif hakim üçün 30 müşahidəçi çalışır.
Süni intellekt vasitəsilə elə bir alət yaradırıq ki, qərarların ən azı 40 faizi obyektiv şəkildə texnologiyanın köməyi ilə veriləcək. Bütün oyunlar əsasında sistem qurulur və alqoritmlər formalaşdırılır. Süni intellekt hər şeyi təhlil edəcək və hakimin hansı epizodda düzgün qərar verdiyini göstərəcək. Bununla prosesi daha obyektiv edirik.
Bundan əlavə, bu sistem hakim təyinatları ilə də əlaqəli olacaq. Süni intellekt komitəyə hər oyun üçün üç hakim namizədi təklif edəcək. Mən insan zəkasına inanıram, amma bəzi məqamlarda süni intellekt kömək etməlidir”, — deyə Tebas bildirib.
Tebas bildirib ki, süni intellekt müəyyən parametrlər əsasında hər qarşılaşma üçün iki və ya üç hakim namizədini tövsiyə edəcək. Lakin yekun qərarı yenə insan verəcək. Süni intellekt hakimləri matçlara müstəqil şəkildə təyin etməyəcək.
