Qaydasız döyüş

Həbib Uayta cavab verdi: Allaha and olsun ki… – FOTO

UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurməhəmmədov sözügedən təşkilatın prezidenti Deyn Uaytın səsləndirdiyi fikirləri təkzib edib.

Aut.az xəbər verir ki, Həbib sosial şəbəkədə hekayə bölməsində Deyn Uaytın sitat gətirildiyi paylaşımın görüntüsünü paylaşıb. Həmin paylaşımda Uaytın belə dediyi bildirilib:

“Bizim müsəlman dünya çempionumuz var idi. Problem onda idi ki, o, müsəlman ölkələrinə tur etdi. Səudiyyə Ərəbistanı, Əbu-Dabi, Qətərdə oldu və onu pullara qərq etdilər. O qədər çox pul qazandı ki, artıq döyüşməyə ehtiyac duymadı. Üstəlik, atasının vəfatı da qərarında böyük rol oynadı”.

Paylaşımın başlığında isə belə yazılmışdı: “Deyna Uayt deyir ki, Həbib müsəlman ölkələrinə dünya turundan o qədər pul qazandı ki, artıq döyüşməyə ehtiyac qalmadı”.

Bu paylaşımı paylaşan Həbib belə yazıb:

“Bəzən internetdə belə başlıqlar görürəm. Mən adətən internetdəki hər cür mənasız şeyə münasibət bildirməyi sevmirəm. Amma Deyn belə sözlər deyəndə bu, hər yerə yayılır. Allaha and olsun ki, bu tamamilə yalandır. Mənə heç vaxt heç kim o milyonları verməyib. Yazdıqları kimi, guya çox pul qazandığım üçün karyeramı bitirməyim də həqiqət deyil. Əsl həqiqəti bütün dünya bilir. Mən bunu dəfələrlə demişəm və təkrar etməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Həbib daha əvvəl karyerasını anasına verdiyi sözə görə başa vurduğunu açıqlamışdı. Onun son döyüşü 2020-ci ilin oktyabrında Əbu-Dabidə keçirilən UFC 254 turnirində baş tutub. Həbib həmin qarşılaşmada amerikalı Castin Geycini ikinci raundda boğucu fəndlə məğlub etmişdi.

Həbib Uayta cavab verdi: Allaha and olsun ki... - FOTO