Emeridən növbəti rekordlar: Əfsanələrin sırasına qoşuldu
“Aston Villa” UEFA Avropa Liqasının finalında “Frayburq” klubunu 3:0 hesabı ilə darmadağın edərək turnirin qalibi olub.
Aut.az xəbər verir ki, bu qələbə İngiltərə klubunun baş məşqçisi Unai Emeri üçün tarixi əhəmiyyət daşıyıb. İspaniyalı mütəxəssis karyerasında beşinci dəfə Avropa Liqasını qazanaraq turnirin ən titullu baş məşqçisi statusunu daha da möhkəmləndirib.
Emeri daha əvvəl “Sevilya” ilə ardıcıl üç dəfə (2013/14, 2014/15, 2015/16), “Vilyarreal”la isə bir dəfə (2020/21) bu kuboka sahib çıxıb.
Bununla yanaşı, o, altıncı dəfə komandasını Avropa Liqasının finalına çıxarıb. Bu uğur sayəsində Emeri avrokuboklarda ən azı beş titul qazanan elit məşqçilər klubuna daxil olub. Ondan əvvəl buna Covanni Trapattoni, Karlo Ançelotti və Joze Mourinyo nail olub.
Trapattoninin aktivində 1 Avropa Çempionlar Kuboku, 1 Kubok Qalibləri Kuboku və 3 UEFA Kuboku var. Ançelotti 5 dəfə UEFA Çempionlar Liqasını qazanıb. Mourinyo isə 2 UEFA Çempionlar Liqası, 1 UEFA Kuboku, 1 UEFA Avropa Liqası və 1 UEFA Konfrans Liqası tituluna sahibdir.
Qeyd edək ki, Emeri daha əvvəl PSJ, “Arsenal”, Moskva “Spartak”ı və bir sıra digər klublarda da çalışıb.
Aut.az
