İngiltərə

Pepdən ayrılıq xəbərlərinə reaksiya

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 37-ci turunda “Bornmut”la 1:1 hesablı heç-heçədən və “Arsenal”ın çempionluğu rəsmiləşdirməsindən sonra mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis iddiaları nə təsdiq, nə də təkzib etməyib:

“Mən sadəcə deyə bilərəm ki, müqaviləmin bitməsinə hələ bir il var. Təcrübəmə və illərdir apardığımız söhbətlərə əsaslanaraq deyə bilərəm ki, siz jurnalistlər turnirin gedişində nəsə elan edəndə, bu adətən yaxşı nəticələnmir.

Danışmalı olduğum ilk şəxs klub rəhbəridir, çünki qərarları birlikdə qəbul edirik. Oturub danışacağıq, hər şey çox sadədir. Bundan sonra qərar veriləcək.

Baxın, mənim daha bir illik müqaviləm var. Burada sizə cavab verməyəcəyəm, çünki əvvəlcə idarə heyətinin sədri, futbolçular və məşqçi heyətimlə danışmalıyam. Mən bu planetin ən xoşbəxt insanıyam, çünki bu klubda işləyirəm. Bu klub xüsusidir”.

Qeyd edək ki, Pepin yerinə Entso Mareskanın gətiriləcəyi barədə məlumat yayılıb.

Aut.az