Formula 1

Mayami Qran-Prisinin vaxtı dəyişdirildi

Beynəlxgalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti Mayami Qran-prisinin start vaxtının dəyişdirildiyini açıqlayıb.

Aut.az xəbər verir ki, bu gün keçiriləcək yarış əvvəlcə Bakı vaxtı ilə saat 00:00-da start götürməli idi. Yeni qərara əsasən, yarış saat 21:00-da başlayacaq.

FIA, Formula One Management (FOM) və Mayami Qran-prisinin təşkilatçıları bu qərarı əlverişsiz hava proqnozu ilə əlaqədar qəbul ediblər. Meteoroloqlar günün ikinci yarısında — yarışın əvvəlcədən planlaşdırıldığı vaxtda güclü yağış gözlənildiyini bildiriblər.

Təşkilatçılar vurğulayıblar ki, əsas prioritet bütün iştirakçıların — pilotların, komanda üzvlərinin, texniki heyətin və azarkeşlərin təhlükəsizliyidir. Start vaxtının dəyişdirilməsi mümkün problemlərin qarşısını almağa və yarışın daha stabil şəraitdə keçirilməsinə imkan yaradacaq.