Atletika

Nüfuzlu yarışın qalibi 5 illik cəzalandırıldı

Yüngül atletikada neqativ hallarla mübarizə aparan müstəqil qurum – “Athletics Integrity Unit” keniyalı qaçışçı Albert Koririn diskvalifikasiya olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 32 yaşlı idmançının dopinq nümunəsində eritropoetinin (CERA) sintetik forması aşkar edilib. Bu maddə əzələlərin fəaliyyətini yaxşılaşdırır və dözümlülüyü artırır. Nəticədə atlet 5 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Diskvalifikasiya müddəti 8 yanvar 2026-cı ildən hesablanır, idmançının 3 oktyabr 2025-ci ildən sonrakı bütün nəticələri isə ləğv edilib.

Qeyd edək ki, Albert Korir 2021-ci ildə keçirilən Nyu York Marafonunun qalibi olub və məsafəni 2 saat 8 dəqiqə 22 saniyəyə qət edib. Onun şəxsi rekordu 2 saat 6 dəqiqə 57 saniyədir ki, bu nəticəni 2023-cü ildə eyni marafonda ikinci yeri tutarkən göstərib.

Bundan əlavə, keniyalı qaçışçı Vyana, Hyuston və Ottava marafonlarının da qalibi olub.

Aut.az