Məşhur idmançı qəzaya düşdü
Ameriakalı məşhur qolfçu Tayqer Vuds Florida ştatında yol-nəqliyyat hadisəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qəza iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və onlardan biri aşıb. Bildirilir ki, hadisə nəticəsində bir nəfərin vəziyyəti stabildir, digər şəxs isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Xilasedicilər hadisənin xəsarətsiz başa çatdığını qeyd ediblər. Qəzanın səbəbləri və Tayqer Vudsun vəziyyəti ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu, Vudsun karyerasında ilk belə hadisə deyil. O, 2021-ci ilin fevralında Los-Anceles yaxınlığında baş verən ağır qəzada avtomobilinin yoldan çıxaraq aşması nəticəsində ciddi xəsarətlər almışdı. Həmin vaxt idmançı çoxsaylı ayaq sınıqları ilə xəstəxanaya çatdırılmış və xilasedicilər onu avtomobildən çıxarmaq üçün xüsusi alətlərdən istifadə etmişdilər.
Tayqer Vuds qolf tarixinin ən uğurlu idmançılarından biri hesab olunur. Onun aktivində “PGA Tou”r turnirlərində 82 qələbə var ki, bu da rekord göstəricidir. Karyerası ərzində o, həmçinin 15 dəfə böyük turnirlərin qalibi olub və 11 dəfə ilin qolfçusu seçilib.
Bundan əlavə, Vuds 2019-cu ildə ABŞ prezidenti Donald Tramp tərəfindən Azadlıq Medalı ilə təltif edilib.
Aut.az
