Dünya futbolu

İsak meydanlara nə vaxt qayıdacaq? – Slot açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot hücumçu Aleksandr İsakın bərpası ilə bağlı vəziyyəti açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərinə görə, dekabr ayında ciddi zədə alan 26 yaşlı İsveç forvardı aprelin 8-də keçiriləcək Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk matçına yetişəcək.

“Aleks PSJ ilə oyunda iştirak edəcək. Amma hazır anlayışı ilə nəyi nəzərdə tutduğumuz vacibdir. Əgər siz keçən il Liqa Kubokunun finalında qarşılaşdığımız oyunçunu gözləyirsinizsə, o zaman o, bizim üçün çox yaxşı idi. Belə uzun fasilədən sonra ona şübhəm var. Mən ona oyun vaxtı verə biləcəyimi bilirəm, amma dəqiq nə qədər oynayacağını deyə bilmirəm, çünki hələ komandada məşq etməyib. Adətən reabilitasiya belə gedir: əvvəl ümumi qrupda məşq edirsən, sonra oyun vaxtı alırsan. Heç kim bir məşqdən sonra 45 və ya 90 dəqiqə oynaya bilmir.

100% əminəm ki, Aleksandrın ən yaxşı versiyasını növbəti mövsümdə görəcəyik. Mən onun qayıdışını azarkeşlər qədər səbirsizliklə gözləyirəm. Düzünü desəm, deyə bilərik ki, oyunlarımızın 90%-ində rəqibdən daha çox imkan yaradırıq. Əgər dünyanın ən yaxşı hücumçularından biri bizimlə oynasa, adətən daha çox xal qazanardıq”, – deyə Slot bildirib.

İsak ötən ilin 20 dekabrında “Tottenhem”lə matçda (2:1) ayağını sındırıb. O, ikinci yarıda meydana çıxaraq hesabı açsa da, bir neçə dəqiqə sonra müdafiəçi Mikki van de Ven ilə toqquşmada zədə alıb. İsveçli futbolçu artıq fərdi məşqlərə başlayıb.

Aut.az