Daha bir hakim də Sadıqovun komandasının güdazına getdi
Rusiya Daxili İşlər Nazirliyi keçmiş FİFA referisi Pavel Stipidini 2023-cü ildə keçirilən “Ximki” – “Alaniya” matçının hakimlərinə rüşvət verməkdə vasitəçi olmaqda ittiham edib.
Aut.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb. Nəşrin məlumatına görə, Stipidi müştərilərdən hakimlərə pul köçürüb, lakin matçın nəticəsinə təsir göstərmək barədə razılığa gəlməyib.
Keçmiş hakim Rusiya Cinayət Məcəlləsinin 184-cü maddəsinin 5-ci hissəsi (rəsmi idman yarışının nəticəsinə təsir göstərmə və bu cür hərəkətlərin törədilməsində vasitəçilik) ilə ittiham olunub. Bu maddəyə əsasən, maksimum cəza yeddi ilə qədər həbsdir.
O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və daha sonra yaşayış yerini tərk etməmək şərtilə azadlığa buraxılıb.
Daha əvvəl bildirilmişdi ki, “Ximki” rəhbərliyi Vladiqafqaz komandasına qarşı Pari Liqası matçının nəticəsini müəyyən etmək üçün hakimə 2 milyon rubl ödəyib. Moskva vilayəti klubu 4-1 hesabı ilə qalib gəlib. Həmin matçın hakimi Andrey Fisenko olub.
Dağılmış “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqov olub.
Aut.az
