Dünya futbolu

Sabiq prezidentə ömürlük həbs cəzası verildi

Konqo Futbol Federasiyasının keçmiş prezidenti Jan-Qay Blez Mayolas təşkilatın vəsaitlərini mənimsəməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Aut.az xəbər verir ki, bu barədə “OneFootball” məlumat yayıb.

Məhkəmə keçmiş prezidenti FIFA-nın 1 milyon dollardan çox maliyyəsini mənimsəmək üçün sxem hazırlamaqda günahkar bilib. COVID-19 pandemiyası dövründə qadın futbolunun inkişafı və təlim mərkəzinin tikintisi üçün ayrılan vəsaitlər saxta şirkətlər vasitəsilə mənimsənilib.

Məmura qarşı ittihamlar çirkli pulların yuyulması və sənəd saxtakarlığı idi. Onun oğlu Lionel Mayolas və digər iki şəxs – Ketrin Mari Nandiba və Nqouassika Bula Dasilva Horjansin də ömürlük həbs cəzasına məhkum edilib.

Keçmiş baş katib Baci Mombo və keçmiş xəzinədar Raul Kanda isə hər biri beş il həbs cəzasına məhkum edildi.

Aut.az