Almaniya

“Red Bull” narahatdır: Klopp məşqçiliyə qayıda bilər

Almaniyalı mütəxəssis Yurgen Klopp 2025-ci ilin yanvarından etibarən “Red Bull”da qlobal futbol rəhbəri vəzifəsində çalışır. 58 yaşlı məşqçi bu rolda özünü rahat hiss etdiyini dəfələrlə bildirsə də, onun yenidən məşqçi kimi fəaliyyətə qayıtması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Aut.az xəbər verir ki, “Sport Bild” nəşrinin məlumatına görə, şirkət rəhbərliyi Kloppun Almaniya milli komandasını baş məşqçisi olması variantını kifayət qədər real hesab edir. Mənbə bildirir ki, şirkət daxilində onun RB-dən ayrılması ehtimalı getdikcə daha çox müzakirə olunur və bu ssenari gələn yay üçün real sayılır. Halbuki Bundestimin hazırkı baş məşqçisi Yulian Naqelsmannın müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

İddiaya görə, Kloppun “Real”a keçidi hazırda gündəmdə deyil. Mütəxəssisin ətrafı onun yaxın vaxtlarda Madrid klubunda mövcud olan böyük ictimai təzyiq və çətin xarakterli futbolçularla gündəlik işləmək kimi şərtlərlə yenidən üzləşmək istəmədiyini bildirir.

“Sport Bild” həmçinin qeyd edir ki, “Red Bull” rəhbərliyi Kloppun fəaliyyətindən tam razı deyil. Onun bir çox keyfiyyətləri yüksək qiymətləndirilsə də, 58 yaşlı mütəxəssisin mühüm oyunlarda və ya məşq bazalarında nadir hallarda görünməsi şirkət daxilində müəyyən təəccüb doğurur.

Bununla belə, “Red Bull”un rəhbəri Oliver Mintslaff ilə Klopp arasında aparılan son müzakirələrdə erkən ayrılıq mövzusu gündəmə gəlməyib. Əksinə, tərəflər arasında gələcəkdə müqavilənin uzadılması ilə bağlı ilkin ideyaların da səsləndirildiyi bildirilir.

Aut.az