İngiltərə

Bizə qarşı ədalətsiz davranırlar: Kapitan nəyə eyham vurur?

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasının 29-cu turunda “Nottinqem Forest”ə qarşı oyun (2:2) barədə danışıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Sky Sports” sitat gətirib.

Portuqaliyalı futbolçu hakimlikdən çox narazı qalıb və bu mövsüm “Siti”yə qarşı ədalətsiz yanaşıldığını bildirib.

“Bu mövsüm bu kimi vəziyyətlərə öyrəşmişik. Bütün mübahisəli qərarlar adətən bizim xeyrimizə olmur. Reallıq budur. Mən indicə Haalandla birlikdə olan epizodu yenidən izlədim. Məncə, bu, penalti idi. Bəzi insanların fərqli fikri ola bilər, bəs Erlinq orada nə edə bilərdi?

Biz bunun necə işlədiyini bilirik. Bizim işimiz daha yaxşı olmaqdır, çünki bu şeyləri idarə edə bilmirik. Oyunumuzu idarə edə bilirik və diqqətimizi buna yönəltməliyik”, – yarımmüdafiəçi deyib.

Qeyd etmək lazımdır ki, “Mançester Siti” hazırda Premyer Liqa turnir cədvəlində ikinci yerdədir. Onlar “Arsenal”dan yeddi xal geridədirlər, lakin ehtiyatda bir oyunları var.

Aut.az