Azərbaycan futbolu

Azərbaycanlı hakim Ermənistan millisinin matçında iş başında olması ilə bağlı fikirlərini bölüşüb

Futzal üzrə azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının əsas mərhələsində Ermənistan millisinin oyununda iş başında olması ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, hakim bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.

H.Qafarlı sözügedən qarşılaşmada “timekeeper” kimi fəaliyyət göstərməsinə münasibət bildirib:

“Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır”.

O, Avropa çempionatında fərqli atmosfer olduğunu vurğulayıb:

“Qitənin ən nüfuzlu futzal yarışı 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışı idi. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də qarşılaşmaların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və sair tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar”.

Ədalət təmsilçisi Ukrayna – Litva matçını idarə etməsi ilə bağlı danışıb:

“Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş, Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdular. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi”.