Bu gün etiraz aksiyası olacaq – Kerrik deyir ki…
“Mançester Yunayted” in müvəqqəti baş məşqçisi Maykl Kerrik komandanın azarkeşlərinin klub sahiblərinə qarşı etirazları barədə danışıb.
Aut.az xəbər verir ki, bu gün Premyer Liqanın 24-cü turunda keçiriləcək “Fulhem”lə oyundan əvvəl baş tutacaq aksiyanın təşəbbüskarı azarkeşlər assosiasiyası olan “1958 Qrup”unun nümayəndələridir.
Qleyzer ailəsi və Cim Retkliffə qarşı keçiriləcək nümayişdə 6000-dən çox azarkeşin iştirakı gözlənilir.
“Bu, komandaya heç bir şəkildə təsir etmir. Azarkeşlərimizə hörmət edirəm, onlar inanılmazdırlar. Onlar uzun müddətdir ki, bir çox eniş-yoxuşlardan keçərək belə olublar.
Bilirsiniz, bu məni narahat etmir, oyunçuları da narahat etmir. Biz stadionda həmişə dəstəyi hiss edirik. Əminəm ki, bu, belə də davam edəcək.
Düşünürəm ki, iki həftə yaxşı keçdi və düzgün istiqamətdə irəliləyirik. Əsas çətinliklərdən biri də budur – arxayınlaşmamaq və irəliləməyə davam etmək.
Meydandan kənarda, klub daxilində və ətrafında nə baş verirsə versin, oyunçular və məşqçilər bu barədə narahat olmamalı və ya bunun performansımıza təsir etməsinə imkan verməməlidirlər. Azarkeşlərin dəstəyini həmişəkindən daha çox hiss edirik.
“Fulhem” lə oyun əvvəlki bütün oyunlar qədər ciddi bir sınaqdır. Bu oyunu fərqli qiymətləndirməyə ehtiyac yoxdur. Rəqiblərimiz hazırda əla formadadırlar. Turnir cədvəlində bizə yaxındırlar və bu, bizim üçün ciddi bir sınaqdır.
Oyunlarda gözlənilməz şeylər baş verə bilər, amma deyə bilərəm ki, daha da diqqətli olmuşuq. Məşqlərdə intensivlik artır. Hazırda istəyə biləcəyim tək şey budur”, – deyə Kerrik bildirib.
Aut.az
