Azərbaycan futbolu

Bu gün: “Neftçi” və “Sumqayıt” 1, “Qarabağ”la “Zirə” 2 oyuna çıxacaq

Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək.

Aut.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” Bakı vaxtı ilə saat 17:00-da Çinin “Çenqdu Ronqçenq” komandası ilə üz-üzə gələcək.

“Ağ-qaralar” daha əvvəl Misir təmsilçisi “Piramids”lə heç-heçə (1:1) edib, Qazaxıstanın “Kayrat” komandasını üç cavabsız qolla üstələyib.

Türkiyənin Antalya bölgəsində toplanışda olan “Zirə” və “Qarabağ” isə bu gün iki matça çıxacaqlar. Paytaxt klubu saat 12:00-da Ukraynanın “Aleksandriya”, saat 18:00-da Çexiyanın “Bohemians 1905” komandaları ilə görüşəcək. Ağdamlılar saat 12:00-da Xorvatiyanın “Osiyek”, 19:00-da Polşanın “Zaqlebye” komandasını sınağa çəkəcək.

“Zirə” ilk oyunda Rumıniyanın “Çiksereda” klubu ilə bərabərə qalıb – 3:3, Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla məğlub edib.

“Sumqayıt” Antalyada sonuncu qarşılaşmasını keçirəcək. “Gənclik şəhəri” təmsilçisi saat 18:30-da “Osiyek”lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın “Pakş” və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub – 1:5, 1:4.