Basketbol

Avroliqa və NBA üz-üzə: Xəbərdarlıq edildi

Avroliqanın rəhbərliyi Amerika liqası fəaliyyətini davam etdirəcəyi təqdirdə NBA-ya qarşı məhkəmə prosesinə başlamağa hazır olduqları barədə rəsmi xəbərdarlıq edib.

Aut.az xəbər verir ki, bu barədə “Eurohoops” məlumat yayıb.

Ötən həftə Avroliqa NBA-nın ofisinə rəsmi məktub göndərərək xəbərdarlıq edib. Avropa basketbol qurumu NBA-dan Avroliqa qarşısında növbəti 10 il üçün öhdəlik götürmüş, A lisenziyasına sahib klublarla istənilən formada danışıqları dayandırmağı tələb edir.

Bu addım barədə turnirin bütün səhmdar klubları məlumatlandırılıb. Mövcud vəziyyət onu göstərir ki, yaxın aylarda kompromis tapılmasa, iki liqa ciddi qarşıdurma həddinə çata bilər.

Çərşənbə axşamı Avroliqanın klub-səhmdarlarının onlayn iclasının keçirilməsi planlaşdırılır. Əsas məqsəd hələ də yeni lisenziya müqavilələrini imzalamamış dörd klubdan – “Real”, “Barselona”, “Fənərbağça” və ASVEL-dən mövqe almaqdır. Hüquqi baxımdan klubların 30 iyun 2026-cı ilədək vaxtı olsa da, liqa artıq indidən aydınlıq istəyir.

Avroliqa rəhbərliyi “Barselona” və “Fənərbağça”nın yaxın vaxtlarda yeni müqavilələri imzalayacağına nikbindir. Lakin Kataloniya klubunun prezidenti Joan Laporta daha əvvəl bildirmişdi ki, o, Avroliqa ilə müqaviləni imzalayıb, cərimə sanksiyaları tətbiq olunmasa, sonradan NBA-ya keçid naminə onu ləğv edə bilər.. Oxşar ssenarinin “Real” tərəfindən də nəzərdən keçirilə biləcəyi istisna edilmir.

Aut.az