Kompani bu mükafatı qazandı: İlk dəfə
“Bavariya”nın baş məşqçisi Vensan Kompani ilk dəfə Reymon Qutals mükafatını qazanıb.
Aut.az xəbər verir ki, bu mükafat Belçikada ilin ən yaxşı məşqçisinə verilir.
İkinci yeri Niki Hayen (“Brügge”) və Sebastyen Pokonyoli (“Monako”) bölüşüblər.
“Bu inanılmaz bir şərəfdir. Bu mükafat mənim üçün çox şey ifadə edir. Xüsusilə də əvvəlki qaliblərin adlarını və ona bağlı tarixi gördüyüm zaman. Reymon hər zaman həm hər bir belçikalı məşqçi, həm də dünyanın bir çox məşqçisi üçün nümunə olaraq qalır”, – deyə Kompani “Bavariya”nın rəsmi saytına bildirib.
Belçikalı mütəxəssis 2024-cü ilin may ayında Almaniya klubuna qoşulub. 2024/2025 mövsümündə “Bavariya” onun rəhbərliyi altında 82 xal toplayaraq Almaniya Bundesliqasını qazanıb. Cari mövsümdə də klub ilk 14 turdan sonra 38 xal toplayaraq turnir cədvəlində liderliyini qoruyur.
Aut.az
