Dünya futbolu

Qalmaqal: “Qarabağ”ın rəqibinin oyunu buna görə dayandırılıb – VİDEO

Niderland Erediviziyasının 14-cü turunun “Ayaks” – “Qroningen” matçı, azarkeşlərin oyun zamanı nümayiş etdirdiyi alov şousu səbəbindən dekabrın 2-nə, çərşənbə axşamına təxirə salınıb.

Aut.az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Ayaks” azarkeşləri mərhum tərəfdar Patrik Overimi yad etmək istəyiblər və oyunun əvvəlində atəşfəşanlıq yaradıblar.

Hakim 5 dəqiqədən sonra oyunu dayandırıb, daha sonra oyunu yenidən başlatmağa cəhd etsə də, nəticəsi olmayıb. 40 dəqiqəlik gecikmədən sonra hakim təhlükə səbəbindən oyunu davam etdirməkdən imtina edib.

Niderlandın “De Telegraaf” nəşrinə görə, Patrik “F-Side” fan qrupunun üzvü olub. 29 yaşlı gənc qayıq qəzası zamanı ölüb.

Qarşılaşmanın çərşənbə axşamı Bakı vaxtı ilə saat 15:30-da, tribunalarda azarkeşlərsiz davam edəcəyi gözlənilir.

13 turdan sonra “Ayaks” 20 xalla liqa cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Ayaks” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir və dekabrın 10-da Bakıda meydana çıxacaq.

Aut.az