KöşəManşet

AFFA rəhbərliyini utandıran kürdəxanılı Zakir kişi

Kürdəxanı qəsəbəsində Zakir Əliyev adlı həvəskar məşqçi həyətində stadion quraraq azyaşlılara futbolla məşğul olmaq üçün şərait yaradıb.

Nəcib, xeyirxah davranışdır. Neçə-neçə uşağı pis vərdişlərdən qoruyur Zakir kişi, onların sağlam böyüməsinə bacardığı qədər kömək edir.

Kürdəxanı ucqar dağ kəndi deyil, Bakının, elə AFFA-nın qulağının dibindədir.

Amma AFFA rəhbərliyinin xəbəri yoxdur Kürdəxanıdan. Zakir kişinin xeyirxahlığından da mətbuat yazandan sonra xəbərdar olublar.

Xəbərdar olublar və utanıblar. Milli komandanın baş məşqçisini və bir neçə futbolçunu Zakir Əliyevin həyətinə göndəriblər.

Buna da şükür, utanıblarsa, bunun özü də müsbət siqnaldır. Sən demə, utanmaq hiss varmış AFFA rəhbərliyində.

AFFA dövlətin, xalqın milyonlarını dağıdır. Amma heç nə vermir bu xalqın balalarına. Zakir kişi isə dişlə-dırnaqla qazandığı qəpik-quruşu kəndin uşaqlarına sərf edir.

AFFA rəhbəri Zakir Əliyev kimi insanlar olmalıdır, Rövşən Nəcəf kimilər yox.

Zakir Əliyevin təkbaşına gördüyü işi milyonçu AFFA illərlə görə bilməyib Kürdəxanıda. Kürdəxanı uzaqda deyil, AFFA-nın qulağının dibindədir.

İndi görün uzaqda olan kəndlərdə vəziyyət necədir. İllah da ki, o kəndlərdə Zakir Əliyevlər yoxdursa…

AFFA utanıb-qızarıb, Zakir Əliyevin qapısına “elçilər” göndərən gün Azərbaycanın U-19 millisi Çexiyaya biabırçı hesabla məğlub oldu – 1:6.

O millidə Zakir Əliyevin yetişdirdiyi uşaqlar yoxdur, orada Rövşən Nəcəfin “əməyi” var.

Millini də, AFFA-nı da Zakir Əliyevə – xalqa vermək lazımdır. Azərbaycanda milli də, futbol da onda olacaq.

Natiq Muxtarlı