“Qarabağ”ın rəqibinin prezidenti: Stadionumuz zibillikdir
“Napoli”nin prezidenti Aurelio De Laurentis komandasının ev stadionunun vəziyyətindən narazı olduğunu bildirib.
Aut.az xəbər verir ki, 76 yaşlı italiyalının sözlərini ESPN sitat gətirib.
De Laurentis köhnəlmiş Dieqo Armando Maradona stadionunu sərt tənqid edib. O, Neapol hakimiyyətini gəlirləri artırmaq və klubun liqa və Avropa yarışlarında rəqibləri ilə rəqabət aparmasına imkan yaratmaq üçün ona yeni arena tikməyə icazə verməyə çağırıb.
“Biz bu Maradona zibilindən cəmi üç milyon qazana bilərik. Bu, çox fərqdir, elə deyilmi?”, – De Laurentis komandasının gəlirlərini “Milan” və “İnter” ilə müqayisə edərək deyib.
“2018-ci ildə Karlo Ançelotti komandamızı təhvil alanda mən də eyni şeyi dedim. PSJ də stadiona bizim qədər icarə haqqı ödəyir, lakin onlar tam eksklüzivliyə malikdirlər və ildə 100 milyon avro qazanırlar, halbuki bizdə cəmi üç gün var: oyundan əvvəl, oyun zamanı və sonra.
Bu köhnə stadiondur, atletika cığırı və hətta xəndəkləri də azarkeşləri daha da uzaqlaşdırır”, – prezident bildirib.
De Laurentis “Napoli” üçün yeni stadionu maliyyələşdirəcəyini bildirib. Bununla belə, o qeyd edib ki, Neapol rəhbərliyi bu məsələdə kluba kömək etmir:
“Buradakı hakimiyyət futbolun ən böyük düşmənidir. Onlar anlamırlar ki, bu idman növünə əhəmiyyət verən 25 milyon potensial seçici var.
Bizə daha çox çeviklik lazımdır. Klublara inteqrasiya edilmiş yaşayış layihələri ilə stadionlar tikməyə və ya təmir etməyə icazə verin. Bu gəlir uzunmüddətli investisiyaları dəstəkləyə bilər”.
Qeyd edək ki, “Napol”i ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir və “köhlən atlar” bu “zibillik”də oyun keçirəcəklər.
Aut.az
