Formula 1

Bir neçə həftə əvvəl onunla görüşüblər: Məşhur filmin davamı üçün

“Formula 1” filminin prodüseri Cerri Brukhaymer “Ferrari” pilotu Lyuis Hemiltonla artıq görüşdüyünü və filmin davamı ilə bağlı mümkün planları müzakirə etdiklərini açıqlayıb.

Aut.az xəbər verir ki, 82 yaşlı amerikalı bu barədə “Forbes”ə açıqlama verib.

“Bir neçə həftə əvvəl Lyuis Hemiltonla görüşdük və bəzi ideyaları müzakirə etməyə başladıq. Hazırda Londondayıq, son üç axşam ərzində filmi hər axşam iki dəfə nümayiş etdirdik. Tamaşaçılarla görüşürük və onlardan ilk olaraq soruşuram: “Aranızda bu filmi görməyən varmı?” 80 faiz əllərini qaldırır. Bu, inanılmazdır. Qalan 20 faiz isə onu bir neçə dəfə izləyib. Görməyənlər deyirlər: “Bu film mənlik deyil”. Amma bu film elə sizin üçündür. O, emosionaldır, əyləncəlidir və kinoteatrda gözəl bir axşam bəxş edir.

Əgər siz “Formula-1” haqqında film çəkirsinizsə, bunu həqiqi şəkildə etməlisiniz. Məhz bunu Coo (filmin rejissoru Cozef Kosinski) və bütün komandamız istədi. Onlar dörd ay ərzində bu bolidlərdə məşq etdilər: əvvəlcə “Formula 4”, sonra “Formula 2” və sonda bizim maşınla.

Bu təcrübəni “Formula-1” olmasa, həyata keçirə bilməzdik. “Formula 1”-in prezidenti və baş direktoru Stefano Domenikali layihəyə yaxından qoşuldu və filmi mümkün qədər orijinal etməkdə bizə kömək etdi. Beləcə, doqquz fərqli trasda çəkilişlər aparmaq imkanı qazandıq”, – deyə Brukhaymer bildirib.

“Avtoidman kraliçası” haqqında çəkilmiş film 630 milyon dollardan çox gəlir əldə edərək kassada böyük uğura imza atıb. Daha əvvəl “Apple” şirkətinin baş direktoru Tim Kuk davam filminin hazırlanmasından danışmışdı, indi isə bu barədə prodüserin özü məlumat verib.

Aut.az