İspaniya

“Real”ın sabiq qapıçısı öldü

“Real Madrid”in və İspaniya millisinin sabiq qapıçısı Xose Manuel Oçotorena vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Keçmiş futbolçunun 64 yaşı var idi. Ölüm səbəbi barədə məlumat verilmir.

Oçotorena “Real”ın yetirməsi idi. O, komandanın heyətində cəmi 46 oyun keçirib, 49 qol buraxıb və 20 oyunda qapısını toxunulmaz saxlayıb.

Qapıçı “kral klubu”nda çalışdığı müddətdə üç dəfə İspaniya çempionu olub, iki dəfə UEFA kubokunu qazanıb – 1984/85 və 1985/86 mövsümlərində.

O, İspaniya millisinin heyətində cəmi bir dəfə – 1989-cu ildə Polşa ilə yoldaşlıq oyununda çıxış edib. 1990-cı il dünya çempionatında komandanın tərkibində olub, lakin meydana çıxmayıb.

Aut.az