La Liqa məhkəməyə gedir: O etiraza görə
La Liqa 9-cu turda futbolçuların etiraz aksiyasına görə məhkəməyə üz tutacaq.
La Liqa klublarının oyunçuları çempionatın oyununun ABŞ-da keçirilməsinə etiraz olaraq 9-cu turda hər matçın ilk 15 saniyəsində hərəkətsiz dayanıblar.
Etirazlardan sonra La Liqanın 17-ci turunun dekabrın 20- də Mayamidə keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” matçı ləğv edilib.
Aut.az xəbər verir ki, çərşənbə günü La Liqanın prezidenti Xavyer Tebas İspaniya Futbolçular Assosiasiyasının (AFE) rəhbəri David Aqanso ilə görüşərək etiraza qarşı məhkəməyə müraciət etmək qərarını açıqlayıb.
“Görüş çox məzmunlu keçdi. Bizə La Liqa brendi haqqında məlumat verildi və əmək qanunlarını müzakirə etdik. Biz dedik ki, bu görüş daha əvvəl baş verməli idi. Tebas dedi ki, tətil etmişik, amma biz sadəcə jest etdik. O, etiraza məhkəmədə baxılacağını söylədi. Başqa bir şey müzakirə etmək istəmədim.
Yaxın vaxtlarda görüşlər keçiriləcək və müzakirə üçün məlumat alacağıq. Qaydalara əməl olunmasını təmin etmək üçün buradayıq. İnstitusional əlaqələr olmalıdır; hər kəs öz istiqamətində işləyir”, – deyə Aqanso görüşdən sonra bildirib.
Qeyd edək ki, La Liqa keçən həftə sonu oyunçulara xəbərdarlıq etdi ki, 15 saniyəlik fasilə zamanı dəymiş ziyanı “kəmiyyətlə müəyyən edəcək”.
Aut.az
