Hemilton Azərbaycandakı insidentə görə ondan üzr istədi
“Ferrari”nin pilotu Lyuis Hemilton Azərbaycan Qran-prisində finişdən əvvəl komanda yoldaşı Şarl Leklerə yerini qaytara bilmədiyi üçün üzr istəyib.
Aut.az “Motorsport”a istinadən xəbər verir ki, yarışın son hissəsində “Skuderiya” Leklerlə Hemiltonun yerlərini dəyişib. Məqsəd daha təzə və sürətli təkərlərdə olan yeddiqat dünya çempionunun Lando Norrisi qabaqlayaraq yeddinciliyi qazanması olub. Ancaq britaniyalı bunu bacarmayıb. Finişdən əvvəl o, mövqeyini Leklerə qaytarmalı idi. Hemilton yavaşıb mövqeni geri verməyə çalışsa da, bunu çox gec etdi və xətdə 8-ci yeri tutub.
40 yaşlı pilot sonradan Leklerdən üzr istədi və bunu öz səhvi ilə izah etdi:
“Mən həqiqətən daha sürətli idim, amma Şarl nəzakət göstərib məni buraxdı. Mənə siqnal çox gec gəldi, diqqətimi qarşıdakı maşına yönəltmişdim, baxmayaraq ki, onu keçmək şansım demək olar yox idi. Hələ də ümid edirdim. Əslində düzlükdə qaz pedalını buraxdım və əyləci basdım, amma 0,4 saniyə gecikdim. Bu sadəcə vəziyyəti düzgün qiymətləndirməməyim idi. Ona görə də Şarldan üzr istəyirəm. Bir daha belə olmayacaq. Axı 8-ci və ya 9-cu yer… Biz heç vaxt belə vəziyyətdə olacağımızı düşünməmişdik, buna görə də əvvəlcədən danışmamışdıq”.
Lekler isə məsələni böyütməyib:
“Düzünü desəm, bu, böyük müzakirə mövzusu deyil. Mənim üçün o qədər də vacib deyil. Əlbəttə, komandada müəyyən razılaşmalarımız var və onlara əməl etməliyik. Bəlkə də bu dəfə qaydalara tam əməl olunmadı. Amma 8-ci və ya 9-cu yer arasında mənim üçün ciddi fərq yoxdur. Əgər gələcəkdə daha yüksək yerlər uğrunda mübarizə aparsaq, əlbəttə ki, fərqli yanaşmalıyıq. Amma indi əsas diqqətimizi bütün həftəsonu çox zəif çıxış etməyimizə yönəltməliyik”.
Azərbaycan Qran-prisindəki uğursuzluqdan sonra “Ferrari” Konstruktorlar Kubokunda ikinci yeri “Mercedes”ə verib. Bu, Corc Rasselin ikinci, Andrea Kimi Antonellinin isə dördüncü yeri sayəsində mümkün olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen olub.
Aut.az
