Qvardiola De Bruyne ilə dueldən danışdı: Geri qayıtması xoşdur
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yay fasiləsində “Napoli”yə transfer olunan sabiq oyunçusu Kevin De Bruyne barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, bu gecə rəqib olacaqları belçikalı ulduz barədə bu sözləri deyib:
“Əlbəttə, onun geri qayıtması xoşdur. Oyun sonrası onu görməyə şad olacağam. İtaliyadakı startı məni təəccübləndirmədi. Bu səviyyədə adaptasiyaya ehtiyac yoxdur: onda istedad, oyun görmə qabiliyyəti, ötürmələr, assistlər və qollar var. O, unikal futbolçudur”.
Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasına “Napoli” ilə oyunda başlayacaq. Turnirin 1-ci tur matçı sentyabrın 18-i, saat 22:00-da keçiriləcək.
