“Siti”nin keçmiş futbolçusu vergi fırıldaqlarında şübhəli bilinir
“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Kiki Musampa Niderlandda vergi dələduzluğu işi üzrə saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Məlumata görə, iş üzrə digər şübhəli şəxs 48 yaşlı niderlandlı futbolçunun mühasibi olub.
Futbolçunun yaşadığı ünvanda aparılan axtarış zamanı polis bahalı saatlar və sənədlər aşkar edərək götürüb. İstintaqa görə, Musampa vergi orqanlarından 100 min avrodan çox vəsaiti gizlədib.
Musampa hazırda “Ayaks”ın ehtiyat komandasında baş məşqçinin köməkçisi kimi çalışır. Klub isə araşdırmanı bildiklərini, lakin hələlik şərh vermədiklərini açıqlayıb.
Musampa “Ayaks”, “Bordo”, “Malaqa”, “Atletiko”, “Mançester Siti”, “Trabzonspor”, AZ, “Seul” və “Vilem II” klublarında yarımmüdafiəçi kimi çıxış edib və 2009-cu ildə karyerasını başa vurub.
