Sprint yarışları artılır? – Tələbat var
“Formula-1”-də sprint yarışlarına artan maraq 2027-ci ildən etibarən bu formatdakı startların sayının artırılmasına səbəb ola bilər.
Aut.az xəbər verir ki, bu barədə Motorsport məlumat yayıb.
Sprintlər “kraliça yarışlarında” ilk dəfə 2021-ci ildə keçirilib. İlk iki mövsümdə F-1 hər il üç sprint təşkil edirdi. 2023-cü ildən isə onların sayı iki dəfə artırılaraq altıya çatdırılıb.
Mənbənin məlumatına görə, həm azarkeşlərin, həm də pilotların müsbət rəyləri seriya rəhbərliyini sprintlərin sayını 10-a qədər yüksəltmək barədə düşündürüb. Bunun üçün kommersiya hüquqlarının sahibi FOM-un, idarəedici orqan FİA-nın və komandaların dəstəyi tələb olunacaq.
“Deməliyəm ki, bəzi yaşlı və qatı azarkeşlərdən başqa, hamı sprint həftəsonlarını istəyir. Promouterlər bu formatda israr edir və indi pilotlar da maraqlıdır. Mən bir az təhrik edirəm, amma sərbəst yürüşlər yalnız xüsusi mütəxəssisləri cəlb edir. İnsanlar daha çox hərəkət görmək istəyirlər, buna görə də sprint həftəsonuna üstünlük verirlər. Cümə günündən etibarən müzakirə olunacaq çox şey olur, təsnifat sessiyası da var. Anlayıram ki, bu, “Formula-1” mədəniyyətinin bir hissəsinə çevrilməlidir”, – deyə F-1 prezidenti Stefano Domenikali bildirib.
Hazırda mövsüm təqvimi 24 Qran-pridən ibarətdir və bu da o deməkdir ki, yalnız dörddəbir mərhələdə sprint yarışı keçirilir. Bu vəziyyət artıq 2027-ci ildən dəyişə bilər.
Aut.az
