Boks

WBO zədəli Usiklə araşdırma apardı: Qərar nə oldu?

Ümumdünya Boks Təşkilatı (WBO) superağır çəki üzrə mütləq dünya çempionu Aleksandr Usiklə bağlı araşdırma aparıb.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda ukraynalı boksçunun şəxsi məclisdə rəqs etməsi görünür. Halbuki Usik belindəki zədəyə görə titulunu müdafiə etməsi üçün tibbi möhlət istəmişdi. Bundan əlavə, onun boks məşqləri əvəzinə Ukrayna millisinin futbolçuları ilə oyunlarda iştirak etdiyi də bildirilirdi.

WBO idmançını cəzalandırmayaraq, ona tibbi göstərişlərə əsasən 90 günlük fasilə verib. Bu müddətdə müvəqqəti çempion Cozef Parker kəmərini Fabio Uordliyə qarşı müdafiə edəcək. Usik isə növbəti döyüşündə məhz müvəqqəti çempionla rinqə çıxmağa məcbur edilib.

Belə olan halda, Usikin Mozes İtauma və ya başqa bir iddiaçı ilə görüşü, onu WBO versiyası üzrə çempionluq kəmərindən məhrum edə bilər.

Qeyd edək ki, Parker – Uordli döyüşü oktyabrın 25-də Londondakı “O2 Arena”da baş tutacaq.