“Zenit”in sabiq braziliyalısı rusları dəli etdi: Araşdırma başladı
Rusiya Baş Prokurorluğu əvvəllər Rusiyada xoşbəxt olduğunu etiraf edən, lakin Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra Sankt-Peterburqun “Zenit” klubunu tərk etmək qərarına gəldiyini deyən braziliyalı yarımmüdafiəçi Klaudinyonun ifadələrini araşdıracaq.
Aut.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədr müavini Dmitri Svişşov məlumat verib.
Yanvarın 22-də Klaudinyo “Zenit”dən Qətərin “Əl-Sədd” klubuna keçib. Futbolçunun Rusiya vətəndaşlığı var.
“O, Rusiya vətəndaşı olduğu üçün ictimai davranışına və açıqlamalarına görə cavab verməlidir. Burada oynayanda hər şeydən razı idi. Amma gedəndən sonra ölkəni tənqid etməyə, müharibəni qınamağa başladı. Eyni zamanda, onun mətbuatda dərc olunan açıqlamalarını da peşəkarcasına öyrənmək lazımdır. İstənilən söz müxtəlif cür şərh oluna bilər. Tənqidi ifadələr təsdiqini taparsa, o zaman qanunvericiliyə uyğun olaraq qərar veriləcək”, – Svişşov deyib.
Klaudinyo “Zenit”in heyətində 124 oyun keçirib, 21 qol vurub və 31 məhsuldar ötürmə edib.
Aut.az
