Tanınmış oyunçu hərbi xidmətdən yayınıb? – Məhkəməlik oldu
NHL klubu “Dallas Stars”ın hücumçusu Mikko Rantanen Finlandiya ordusundakı xidmətini dayandırıb.
Aut.az xəbər verir ki, onun agenti Matti Huhtamäki Iltalehti.fi-yə verdiyi açıqlamada Rantanenin səhhətindəki problemlərə görə ordudan ayrıldığını təsdiqləyib.
Agent hücumçunun nə qədər müddət hərbi xidmətdə olduğunu dəqiqləşdirməyib. Rantanen bu ilin yayında Qvardiya Yeger Alayının idman məktəbində xidmətə başlamışdı.
Huhtamaki, daha əvvəl Ilta-Sanomat tərəfindən yayılan məhkəmə işi ilə bağlı ətraflı şərh verməkdən imtina edib. IS yazır ki, prokuror 28 yaşlı hücumçunun apreldə xidmətə gecikdiyi üçün cəzalandırılmasını tələb edir. Jurnalistlərin hesablamasına görə, oyunçunun cəriməsi təxminən 56500–84750 avro arasında dəyişə bilər. Prokuror isə Rantanen üçün 10–15 günlük cərimə tələb edir.
Huhtamakinin sözlərinə görə, Rantanen xidmətə gəlməli olduğu gün bir neçə saat sonra möhlət üçün müraciət edib və dərhal təsdiq alıb. Bu səbəbdən finlandiyalı hücumçu ittihamlarla razılaşmır.
“Biz məsələ tam yekunlaşmayana qədər bu barədə daha çox danışmaq istəmirik”, – deyə agent bildirib.
Qeyd edək ki, 28 yaşlı Rantanen 2015-ci ildən Şimali Amerikada çıxış edir. O, “Kolorado Avalanche” klubunun heyətində 2022-ci ildə Stenli Kubokunu qazanıb.
Finlandiyada hərbi xidmət bütün kişilər üçün 30 yaşına qədər məcburidir. Ordu sıralarında Formula-1 pilotları Kimi Räikkönen və Valtteri Bottas, həmçinin basketbolçu Lauri Markkanen də xidmət edib.
Aut.az
