Ərəblər dünya çempionu hədəfə aldı: Amma onun başqa planı var
“İnter” bu yay fransalı mərkəz müdafiəçisi Benjamen Pavarı satmaq imkanını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Təcrübəli oyunçuya ilk təkliflər Səudiyyə Ərəbistanı klublarından gəlib. Xüsusilə, “Neom” Pavarın nümayəndələri ilə danışıqlara başlayaraq 2028-ci ilə qədər müqavilə və mövsümə 8 milyon avro maaşla yanaşı, əlavə bonuslar da təklif edib.
Lakin 29 yaşlı müdafiəçi hələlik razılıq verməyə tələsmir. O, karyerasını davam etdirmək istədiyi İngiltərə Premyer Liqası klublarından təkliflər gözləyir.
Digər tərəfdən, “İnter” futbolçunun transferi üçün 20 milyon avro tələb edir ki, bu da danışıqları çətinləşdirir. Ötən mövsüm Pavar 38 oyunda 1 qol və 1 assistlə yadda qalıb.
Müdafiəçi 2023-cü ilin yayında “Bavariya”dan “İnter”ə 31,4 milyon avroya transfer olunub. Hazırda onun bazar dəyəri 25 milyon avro təşkil edir. Pavar Fransa millisində 55 oyun keçirib, 5 qol vurub və 2018-ci ildə dünya çempionu olub.
