NBA ulduzu MMA ilə məşğul olacaq? – Məni həqiqətən həyəcanlandırır
“Atlanta Houks”un ulduz oyunçusu Kristaps Porziņqis MMA ilə məşğul olmağı planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, 30 yaşlı latviyalı basketbolçu bunu “Sportacentrs”ə müsahibəsində deyib.
Bu yay “Unicorn” ləqəbli idmançı qeyri-adi məşqlər edib. Özünü qarışıq döyüş növlərində sınayıb və bundan böyük zövq aldığını bildirib. Porziņqis hətta xüsusi bir layihə planlaşdırdığını və basketbolçu karyerasını bitirdikdən sonra MMA ilə məşğul olacağını söyləyib.
“MMA mənə çox yaxın bir idman növüdür. İzləmək üçün bir nömrəli seçimimdir. Məni həqiqətən həyəcanlandırır, buna görə də yeni MMA layihəsinə qoşulmağa qərar verdim. Hələ proses davam edir. Yekun nəticəyə yaxınlaşanda daha çox məlumat paylaşa biləcəyəm.
Bu yay MMA-nı sınadım, amma təmsil etdiyim klublardan birinə söz vermişəm ki, basketbol karyeram boyu bu idmanla məşğul olmayacağam. Özümü basketbol sonrası MMA karyeram üçün qoruyuram”, – deyə Kristaps gülümsəyərək bildirib.
Hazırda Porziņqis Avropa çempionatına hazırlaşır. Latviya millisi A qrupunda Portuqaliya, Estoniya, Türkiyə, Serbiya və Çexiya ilə oynayacaq. AvroBasket-2025 27 avqust – 14 sentyabr tarixlərində Latviya, Finlandiya, Polşa və Kiprdə keçiriləcək.
Aut.az
