MY ona məlumat verdi: Amorimə lazım deyil
Danimarka millisinin hücumçusu Rasmus Hoylundun “Mançester Yunayted”dəki vaxtı başa çatıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, “mankunianlar” 22 yaşlı futbolçu ilə əlaqə saxlayaraq baş məşqçi Ruben Amorimin planlarında yer almadığını bildiriblər. Hücumçu klubu tərk etməyə hazırdır.
Bundan “Milan” istifadə etmək niyyətindədir. İtaliya təmsilçisi hazırda “qırmızı şeytanlar”la Hoylundun icarəsi barədə danışıqlar aparır. “Rossoneri” bu keçid üçün 5 milyon avro ödəyəcək.
Eyni zamanda, iki klub arasındakı icarə müqaviləsində futbolçunun 40-45 milyon avroya alınması opsiyası olacaq. Rasmus üçün artıq 2030-cu ilin yayına qədər illik 4 milyon avro məvacibli tam müqavilə hazırlanıb.
“Mançester Yunayted” Rasmus Hoylundu 2023-cü ilin yayında “Atalanta”dan 77,8 milyon avroya almışdı. İki il ərzində hücumçu İngiltərədə bütün turnirlərdə 95 oyuna çıxaraq 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
