Dünya futbolu

FİFA qadağa qoydu: Hakimlər bu məhsulları reklam edə bilməz

FİFA üzv assosiasiyalara hakim formasında, VAR mərkəzində və meydan kənarındakı monitorun təkrar izləmə zonasındakı qumar biznesi reklamlarının qadağan olduğunu xatırladan dairəvi məktub göndərib.

Aut.az xəbər verir ki, qurum həmçinin üzv assosiasiyalarda hakimlik təşkilatına dair mövcud reqlamenti yada salıb:

“Reqlamentdə göstərilən prinsiplərə üzvlərin hörmətlə yanaşması və onları yerinə yetirməsi vacibdir”.

Sənədin 15-ci maddəsinə əsasən, üzv-assosiasiyanın bayrağı altında keçirilən oyunlarda matçın rəsmi şəxslərinin geyimində sponsor reklamlarına icazə verilə bilər. Lakin tütün məmulatları, spirtli içkilər, narkotik vasitələr (məsələn, marixuana) və qumar müəssisələrinin (kazino və bukmeker kontorları) reklamı qəti şəkildə qadağandır. Həmçinin siyasi, irqi və ya dini şüarlar da qadağandır.

Bu qadağa hakimin monitor vasitəsilə epizodu izlədiyi zaman televizor ekranında görünə biləcək yazılara, eləcə də tütün, spirt, narkotik və siyasi, irqi və ya dini şüarlarla bağlı hər cür reklama da şamil edilir.

FİFA əlavə edib ki, əgər reklam hər hansı oyunda iştirak edən iki komandanın reklamı ilə maraqlar toqquşması yaradırsa, o zaman hakim formasında yerləşdirilməsi də qadağandır.

Hakim formasının ön hissəsində yalnız rəsmi nişanlar, emblemlər və istehsalçı loqotipinin kiçik versiyası ola bilər. İstehsalçı loqotipindən başqa reklam şortlarda, getralarda və idman ayaqqabılarında da qadağandır.

Aut.az