Super məsləhətçi: Əfsanəvi funksionerin qayıdışı reallaşır
“Milan”ın sabiq vitse-prezidenti Adriano Qallianinin yaxın vaxtlarda yenidən klub rəhbərliyinə qayıda biləcəyi ilə bağlı məlumat vermişdik.
Aut.az xəbər verir ki, Qallianinin qayıtması ehtimalı artır. Onun artıq Sen-Tropesdə klub prezidenti Cerri Kardinale ilə görüşdüyü bildirilir.
Bu barədə jurnalist Nikola Şira məlumat verib. Tərəflərin “super məsləhətçi”nin təyinatı ilə bağlı prinsipial razılığa gəldikləri iddia olunur.
Hazırda Qalliani “Monza” klubuna rəhbərlik edir. Lakin bir neçə gün öncə klub ABŞ-ın “Beckett Layne Ventures” investisiya fonduna satılıb. Yeni sahiblər rəhbərlikdə dəyişiklik etməyi planlaşdırırlar və Qallianinin də vəzifəsindən uzaqlaşdırılması ehtimalı yüksəkdir.
Xatırladaq ki, Adriano Qalliani “Milan”a 1986-cı ildə Silvio Berluskoni ilə birlikdə gəlmiş və vitse-prezident postunu 31 il tutmuşdu. Bu müddətdə klub 29 titul, o cümlədən 5 Çempionlar Liqası kuboku qazanmışdı.
Aut.az
