Onu məşqdən uzaqlaşdırdılar, ultimatum verdilər
“Nyukasl Yunayted”in hücumçusu Aleksandr İsak komanda ilə məşqdən kənarlaşdırılıb.
Aut.az bu barədə “Give me Sport”a istinadən məlumat verir.
Hücumçu daha əvvəl “Liverpul”a mümkün keçid şayiələri fonunda klubun mövsümöncəsi Asiya turunu buraxmışdı.
Mənbənin sözlərinə görə, İsak “sağsağanlar”ın bazasına komanda İngiltərəyə qayıtdıqdan sonra gəlib, lakin “Nyukasl”ın baş məşqçisi Eddi Hau futbolçuya komanda yoldaşlarından ayrı məşq etməyi tapşırıb.
Qeyd olunur ki, klub futbolçuya ultimatum verib: İsak ya müqaviləsini uzadacaq, ya da komandadan ayrılacaq. Futbolçunun özü hələ də “Liverpul”a keçməyə ümid edir.
2024/2025 mövsümündə 25 yaşlı forvard bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Mətbuatın yazdığına görə, isveçli üçün təxminən 140 milyon avro tələb edən “sağsağanlar”la müqavilə 2028-ci ilin yayına kimi qüvvədədir.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 120 milyon avrodur.
Aut.az
