Əfsanə “Bavariya”nı tənqid etdi: Gözünün altında bir-iki göyərti ilə canını qurtardı
Dünya və Avropa çempionu, 1990-cı ilin “Qızıl top” mükafatçısı Lothar Matteus Münhen “Bavariya”sının transfer siyasətini tənqid edib.
Aut.az xəbər verir ki, buna səbəb portuqaliyalı yarımmüdafiəçi Joao Palinyanın icarə əsasında “Tottenhem”ə keçməsi olub. Münhen klubunun transfer siyasətini şərh edən Matteus “Sky Sport Germany” üçün yazdığı köşə yazısında belə bildirib:
“Joao Palinyanın ‘Tottenhem’ə icarəyə verilməsi nəticəsində ‘Bavariya’ sadəcə olaraq gözünün altında bir-iki göyərti ilə canını qurtardı.
Tomas Tuxel onu heyətdə görmək üçün can atırdı, amma Vensan Kompani ona güvənmirdi. Geriyə baxanda aydın olur ki, Palinya artıq və lazımsız biri imiş.
‘Bavariya’da bu mövqedə oynaya biləcək dörd-beş oyunçu var. Klub bu məsələdə kifayət qədər hazırlıqlı deyildi və Münhendə demək olar ki, oynamayan futbolçuya çox böyük məbləğ ödədilər.
Əlbəttə, həmişə doğru qərar vermək mümkün deyil. Amma Palinya yeganə uğursuz transfer deyildi. Saraqoza, Sarr və ‘Qalatasaray’dan 30 milyon avroya alınan Boye də çox bahalı başa gəldi. Onlar ya çox az oynadı, ya da ümumiyyətlə meydana çıxmadı”.
Qeyd edək ki, “Bavariya” Palinyanı ötən yay “Fulhem”dən 51 milyon avroya transfer etmişdi. 30 yaşlı futbolçu Münhen klubunun heyətində bütün turnirlərdə cəmi 25 oyunda iştirak edib və heç nə ilə yadda qalmayıb.
Aut.az
