Məhəmməd Əlinin qızı “əsrin döyüşü”nə çıxır
Məhəmməd Əlinin qızı, peşəkar boksda məğlubedilməz olan Leyla Əli (24-0-0, 21 KO), Klarissa Şilsə (16-0, 3 KO) qarşı ağır çəki dərəcəsində mütləq dünya çempionluğu uğrunda döyüşə çıxa bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Şilsin promouteri Dmitri Salitanın sözlərinə görə, artıq real təklif mövcuddur:
“Bu təklifdə döyüşün keçiriləcəyi yerlər, tarixlər və ən önəmlisi, maliyyələşmə məsələsi nəzərdə tutulub. Bu iki əfsanə arasında mütləq titul uğrunda döyüş, bu minilliyin “əsrin döyüşü” ola bilər”.
Qeyd edək ki, Leyla Əli peşəkar karyerasında indiyədək heç bir məğlubiyyətə uğramayıb. Lakin hazırda onun 47 yaşı var və son döyüşünü 2007-ci ilin əvvəlində keçirib. Karyerası ərzində IBA, WIBA və IWBF versiyaları üzrə dünya çempionu olub.
Şils isə bu ilin əvvəlində həmyerlisi Daniel Perkinsə (5-0, 2 KO) qalib gələrək boks tarixində adını qızıl hərflərlə yazdırıb. O, dörd əsas kəmər sistemində ilk dəfə olaraq üç müxtəlif çəki dərəcəsində – ilk orta (2021), orta (2022) və ağır çəki (2025) üzrə mütləq dünya çempionu adını qazanıb.
Daha sonra onun dopinq testi marixuana qəbul etməsi səbəbindən müsbət nəticə verdiyi üçün müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Lakin sonradan bu diskvalifikasiya ləğv olunub.
Xatırladaq ki, Klarissa Şils 17 yaşında Olimpiya çempionu olub, dörd il sonra Rio Oyunlarında da 75 kq çəki dərəcəsində yenidən qızıl medal qazanıb.
Aut.az
