Dünya futbolu

“Əl-Hilal”ın qələbəsindən sonra Ronaldonun bu sözləri trend oldu  

“Əl Hilal”ın “Mançester Siti”ni Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində mübarizədən kənarlaşdıraraq sensasiyaya səbəb olmasından sonra Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının peşəkar liqası ilə bağlı şərhləri internetdə trend olub.

Pep Qvardiolanın yetirmələri əlavə vaxtda Səudiyyə Ərəbistanı klubuna 3:4 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, “Qızıl top”un beşqat sahibi Ronaldo Səudiyyə Ərəbistanındakı futbolun səviyyəsini yüksək qiymətləndirmişdi. O, dekabrda Dubayda keçirilən “Globe Soccer Awards” mərasimində Səudiyyə Peşəkar Liqasının tezliklə “dünyanın ən yaxşı üç və ya dörd liqasından birinə çevriləcəyini” söyləmişdi.

Ronaldo, “liqanı tənqid edən insanlar Səudiyyə Ərəbistanında heç vaxt oynamayanlardır” demişdi.

“Onlar futboldan başa düşmürlər və deyirlər ki, bu liqa ilk beşliyə daxil deyil. Mən 100% inanıram ki, Səudiyyə Peşəkar Liqası tezliklə dünyanın ilk üç və ya dörd liqasında yer alacaq, nə danışdığımı bilirəm. Ona görə də qalmaq istəyirəm, çünki layihəyə inanıram”, – Ronaldo bildirmişdi.

Yəni CR7 haqlıdır?

Aut.az