Dünya futbolu

Ən pis agentə sahib deyilsə, satılacaq – Prezident açıqladı

“Sportinq”in prezidenti Frederiko Varandas Viktor Qyökereşlə bağlı vəziyyət haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, ESPN 45 yaşlı portuqaliyalının sözlərini sitat gətirib.

İsveçli forvard ümid edirdi ki, bu yay 60+10 milyon avroya sərbəst buraxılacağı ilə bağlı klub rəhbərliyi ilə əldə etdiyi centlmen razılaşmaya əməl ediləcək və “Arsenal”a keçəcək.

Lakin Varandas futbolçunu 70 milyon avrodan aşağı qiymətə satmayacağını bildirib. Bu da Qyökereşin narazılığına səbəb olub .

Viktorla “Arsenal” və “Mançester Yunayted” hələ də maraqlanır və Varandas onun satılacağına inanır.

“Viktorun gedəcəyi ehtimalı yüksəkdir. Biz son bir neçə həftə ərzində bazarı izləyirdik və mən Martin Zubimendi kimi Viktordan 6 ay kiçik futbolçunun 65 milyon avroya “Arsenal”a getdiyini gördüm.

Premyer Liqada iki futbolçunun satıldığını gördüm. Mənim fikrimcə onlar Viktor keyfiyyətinə malik olmayan hücumçulardır. Onlar təxminən 75 milyon avroya satılıb. Söhbət 26 yaşı tamam olan futbolçulardan gedir.

Beləliklə, Viktorun dəyəri ilə bağlı irəli sürdüyümüz tələbləri nəzərə alsaq, düşünürəm ki, gedə bilər, əgər dünyada ən pis agentə sahib deyilsə. Buna isə inanmaqda çətinlik çəkirəm, çünki o, dünyanın ən yaxşı futbolçularından biridir”, – Varandaş bildirib.

Viktor Qyökereş “Sportinq”ə 2023-cü ilin yayında “Koventri”dən 24 milyon avroya keçib. Portuqaliyada keçirdiyi iki mövsüm ərzində 27 yaşlı isveçli 102 matçda 97 qol vurub və 28 məhsuldar ötürmə edib.

Aut.az