Dünya futbolu

Bu komandaya 1 milyonu müəllimin vurduğu qol qazandırıb

Bu baş verdi! Yeni Zelandiyanın “Oklend Siti” klubu dünya çempionatında qol vurdu! Üstəlik, bu qol sayəsində bir xal qazandılar!

İkinci hissənin əvvəlində Kristian Qrey küncdən zərbəni baş zərbəsi ilə “Boka Xuniors”un qapısına göndərdi.

Qreyin bu qolu və heç-heçə ilk iki turda 0:16 hesabı ilə uduzan yarımhəvəskar komanda üçün ikiqat böyük hadisə oldu.

Bundan əlavə, bu qol (və qapıçının seyvləri) “Oklend”ə bir milyon dollar qazandırdı. Bu, Klublararası Dünya Çempionatının qrupunda heç-heçə üçün pul mükafatıdır. Ümumilikdə, yeni zelandiyalılar iştirak bonusları ilə 4,6 milyon qazanıblar – bu, komandanın yeddi illik büdcəsidir.

Kristian Qrey mərkəz müdafiəçisi və “Oklend” akademiyasının yetirməsidir.

O, “Liverpul” azarkeşidir. Qeyd edək ki, “Oklend”də demək olar ki, hər bir futbolçunun başqa işi də var. Qrey də istisna deyil. O, məktəbdə bədən tərbiyəsi dərsini tədris edir.

“Mən xoşbəxtəm. Özüm və uşaqlar üçün. Biz buna layiqik idik. Komandada pul qazanmırıq, uzun müddət bu nöqtəyə qədər çalışmışıq, buna görə də xüsusilə xoşbəxtik. Mən kiçik bir şəhərdənəm, buradan çox uzaqda doğulmuşam və hər birimiz üçün bu, hər mənada çox uzun bir səyahətdir. Ona görə də bəli, xoşbəxtik”, – Kristian deyib.

Ondan bundan sonra nə edəcəyini soruşublar. Kristian sakitcə müəllim kimi işləməyə davam edəcəyini təsdiqləyib və əlavə edib: “Yaxşı ki, məktəb tətili yaxınlaşır”.

Yeni Zelandiyada müəllimlər iyulun əvvəlindən bir neçə həftəlik tətildə olurlar.

Aut.az

Bu komandaya 1 milyonu müəllimin vurduğu qol qazandırıb