Əfsanəvi qapıçı indi də özünü bu idman növündə sınadı: Məqsədimə çatdım
Əfsanəvi çexiyalı qapıçı Petr Çex Çexiyada keçirilən həvəskarlar üçün nəzərdə tutulmuş L’Etape Czech Republic veloyürüşündə iştirak edib.
Aut.az xəbər verir ki, Bu barədə “Idnes” məlumat yayıb.
“L’Etape Czech Republic” “Tour de France” təşkilatçılarından biri olan ASO şirkətinin müxtəlif ölkələrdə keçirdiyi “L’Étape du Tour” seriyasına daxil olan həvəskar veloyürüşlərdən biridir. Çexiyada bu yarışa məhz Petr Çexin agentliyi “Petr Čech Sport” cavabdehdir. Bu il “Çelsi” və “Arsenal”ın sabiq qapıçısı ilk dəfə olaraq yarışda özü də start xəttinə çıxmağa qərar verib.
Yarış ümumilikdə 3098 həvəskar velosipedçinin iştirakı ilə baş tutub ki, bu da tədbir üçün yeni rekord sayılır. İştirakçılara üç məsafə seçimi təklif olunub – 66, 97 və 139 km. Yarışa qatılanlar arasında 2012-ci il “Tour de France” qalibi ser Bredli Uiqgins də olub.
Çex özü 97 km-lik məsafəni seçib və bu məsafəni 3 saat 7 dəqiqə 28 saniyəyə qət edib.
“Mən heç vaxt bu qədər uzun məsafə sürməmişdim. Adətən 65 km ətrafında olur. Bu, indiyə qədər qət etdiyim ən uzun məsafə idi. Buna görə də çox dəyər verirəm. Əsas məqsədim yarışı bitirmək idi. O qədər də çox məşq etməmişdim. Sadəcə yaxşı templə sürmək və ideal halda 3 saat 20 dəqiqədən tez finişə çatmaq istəyirdim. Buna nail oldum”, – deyə Çex bildirib.
Qeyd edək ki, “Çelsi” və “Arsenal”dakı çıxşları ilə tanınan əfsanəvi qapıçı 2019-cu ildə peşəkar futbolçu karyerasını başa vurduqdan sonra özünü buzüstü hokkeydə şəkildə sınayıb. O, bir sıra Böyük Britaniya klublarının heyətində çıxış edib və hazırda da davam edir.
Aut.az
