Milliyə getməkdən imtina etdi
“İnter”in müdafiəçisi, Avropa çempionu Françesko Açerbi 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək iyun oyunları üçün İtaliya millisindən gələn çağırışı qəbul etməyib.
Aut.az xəbər veirr ki, 37 yaşlı futbolçu 2023-cü ilin noyabrından bəri milli komandada çıxış etmirdi, lakin qarşıdakı Norveç və Moldova oyunları üçün heyətə çağırılmışdı.
“Dərin düşüncələrdən sonra baş məşqçi Luçano Spallettiyə bildirdim ki, milli komandaya çağırışı qəbul etməyəcəyəm. Bu qərar yüngül olmayıb, çünki bu formanı geyinmək mənim üçün həmişə bir şərəf və qürur olub. Lakin son hadisələr fonunda bu yolu sakit şəkildə davam etdirmək üçün şəraitin olmadığını hiss etdim.
Mən nə bəhanə axtarıram, nə də güzəşt istəyirəm, sadəcə hörmət tələb edirəm. Komandaya rəhbərlik etməli olanlar tərəfindən kifayət qədər hörmət görmədiyim halda, bir kənara çəkilməyi üstün tuturam. Həmişə özümü tam şəkildə ortaya qoymuşam, lakin artıq mənim orada istənilmədiyim aydın şəkildə görünür və mən layihənin bir hissəsi deyiləm.
Bu mənim qərarımdır, amma qəti deyil və nə əsəb, nə də Çempionlar Liqasının finalındakı məğlubiyyətin gətirdiyi depressiya ilə bağlıdır. Sadəcə, bir addım geri atmaq ehtiyacımdan irəli gəlir”, – deyə Açerbi sosial şəbəkə hesabında yazıb.
İtaliya millisi iyun 6-da səfərdə Norveçlə, 3 gün sonra isə evdə Moldova ilə qarşılaşacaq.
Qeyd edək ki, Açerbinin çıxış etdiyi “İnter” UEFA Çempionlar Liqasının finalında PSJ-yə darmadağın olub – 0:5.
Aut.az
