Bu baş versə, ərəblər ona 300 milyon təklif edəcəklər
“Red Bull” komandasının sürücüsü Maks Ferstappen “Aston Martin” ilə 3 illik 300 milyon dollarlıq müqavilə imzalaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) komandanı “Aston Martin”dəki payını satmaq istəyən kanadalı milyarder Lourens Strolldan alarsa, sürücü Formula1 tarixinin ən bahalı müqaviləsinə imza ata bilər. Fond artıq avtomobil istehsalçısı “Aston Martin”də paya malikdir və neft şirkəti vasitəsilə Formula 1 komandasına sponsorluq edir.
Ferstappenin “Red Bull” ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər olsa da, sözləşmədə cari mövsümün sonunda komandadan ayrılmasına imkan verən bənd var. “Mercedes”in əvvəllər sürücü ilə maraqlandığını bildirilir, lakin niderlandlının maliyyə tələbləri üzündən danışıqlar baş tutmayıb.
Ferstappenin 27 yaşı var və ardıcıl dörd il Formula 1 çempionluğunu qazanıb. O, həmçinin bir mövsümdə ən çox qalibiyyət və ən ardıcıl Qran Pri qalibiyyət rekorduna sahibdir. 2025-ci il mövsümünün 4 raundundan sonra Maks sürücülər sıralamasında üçüncüdür.
Aut.az
