Azarkeşlər “Real”ın futbolçusuna ölüm arzuladı: Səbəb bəllidir
“Alaves”in azarkeşləri “Real”la oyunda Raul Asensioya ölüm arzulayıblar.
La Liqanın 31-ci turunun matçında “Real” səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, matç zamanı “Alaves” azarkeşləri “Real Madrid”in müdafiəçisinə dəfələrlə “Asensio, öl” şüarları səsləndiriblər. Həmçinin Mendizorrozanın tribunalarında “Çıx get” və “Real Madrid təcavüzkarların müdafiəçisidir” sözləri yazılmış pankartlar olub.
78-ci dəqiqədə baş hakim Sezar Soto Qrado Asensionun ünvanına səslənən şüarlara görə oyunu bir neçə dəqiqəlik dayandırıb və stadionun ekranında belə bir mesaj görünüb: “Alaves” idmanda irqçilik və ksenofobiyanın istənilən formasını rədd edir və pisləyir”.
Xatırladaq ki, 2023-cü ildə “Kastilya”nın futbolçusu və “Real Madrid C” klubunun üç futbolçusu azyaşlı qızın çəkildiyi intim videonu yaymaqda şübhəli bilinərək həbs edilmişdi. Onları 5 ilə qədər həbs gözləyir. Dörd oyunçu seks videolarını yazmaq və yaymaqda ittiham olunub.
Daha əvvəl bildirilmişdi ki, Raul Asensio artıq hakim tərəfindən istintaqda olan şəxs kimi nəzərə alınmır və hazırda işdə şahid qismində ifadə verir. Lakin Kanar Adaları Ali Məhkəməsinin mətbuat xidməti daha sonra 22 yaşlı futbolçunun şübhə altında qaldığını göstərən qərar dərc edib.
Aut.az
