İngiltərə

Kantona “Yunayted” rəhbərliyini yıxıb-sürüdü: Nifrət edirəm

Erik Kantona “Mançester Yunayted”in başqa stadiona köçməsinə qarşıdır.

Mart ayında klub 2 milyard funt sterlinq dəyərində 100.000 tamaşaçı tutumlu yeni stadionun tikiləcəyini elan etdi. “Old Trafford” 1910-cu ildə açılıb.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in əfsanəsi klubun ortaq sahibi Cim Ratkliffi də xərclərin azaldılması siyasətinə, o cümlədən ixtisarlara görə tənqid edib.

“Komanda və klubun ruhu futbolçularda deyil, onların ətrafındakı bütün insanlardadır – bu, böyük bir ailə kimidir. Oyunçuların və ser Aleks Ferqyusonun olduğu paltardəyişmə otağını xatırlayıram. Ətrafınızda tanımadığınız bütün bu insanlar bizə özümüzü evdə, bir ailə kimi hiss etməyimizə kömək etdi. Məşqçi və komanda yoldaşlarınıza hörmət etdiyiniz kimi, bu insanlara da hörmət etmək çox vacibdir.

Ratkliffin gəlişi ilə hər şey tamamilə fərqli oldu. O, artıq Ferqyusonun klubun səfiri olmasını istəmir. Düşünürəm ki, biz klubun ruhunu yenidən tapmalıyıq. Bu direktorlar komandası hər şeyi məhv etməyə çalışırlar. Heç kimə hörmət etmirlər, hətta stadionu dəyişmək istəyirlər.

“Old Trafford” ikonik bir stadiondur. “Arsenal” “Hayberi”ni tərk edəndə ruhunu itirdi və əminəm ki, bir çox azarkeş “Hayberi” üçün darıxır. Sanki bir evə girib xüsusi bir enerji hiss edirsən.

Mən “Yunayted”in “Old Trafford”dan başqa heç bir stadionda oynaya biləcəyini düşünmürəm.

Amma düşünürəm ki, bəlkə də biz xəyalpərəstik və onlar daha çox iqtisadiyyat və strategiya ilə bağlıdır. Mən isə bu kimi şeylərə nifrət edirəm, bu qərarlara nifrət edirəm”, – Kantona deyib.

Aut.az