Məşhur məşqçi 7 aya qədər cəza ala bilər: Bu hərəkətinə görə
“Lion”un baş məşqçisi Paulo Fonseka “Brest”lə oyununda (2:1) qırmızı vərəqə alıb və 7 aya qədər diskvalifikasiya oluna bilər.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Xatırladaq ki, portuqaliyalı mütəxəssis oyuna əlavə edilmiş dəqiqələrdə baş hakimi Benua Millotla mübahisə edib və aqressiv şəkildə şikayətlərini səsləndirməyə başlayıb.
Hakim və məşqçini “Lion”un yarımmüdafiəçisi Korentin Tolisso ayırıb . Paulo Fonseka oyundan sonra keçirdiyi mətbuat konfransında baş verənlərə görə üzr istəyib. Mənbənin sözlərinə görə, bununla belə, Liqa 1-in intizam komitəsi portuqala qarşı ciddi sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bildirilir ki, Fonsekanın davranışı İntizam Komitəsinin “qorxuducu və ya hədələyici davranış” üzrə 8-ci maddəsinə aid edilir. Liqanın qaydalarında deyilir: “Qorxu yarada biləcək bütün sözlər, jestlər və yaxud davranışlar qorxudur. Təhdidedici, bütün sözlər, jestlər və yaxud davranışlar insanın fiziki bütövlüyünə xələl gətirmək fikrini ifadə edir”.
Aut.az
