Avropa çempionatı bu ölkələrdə keçiriləcək
Albaniya və Serbiyan gənclər arasında 2027-ci ildə keçiriləcək Avropa çempionatının ev sahibi təyin edilib.
Aut.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və orada 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci il Avropa çempionatının final turnirinin ev sahiblərinin təyin edilməsi barədə qərar qəbul edilib.
16 komandanın iştirak edəcəyi turnir Albaniya (Tirana, Şkoder, Elbasan və Roqojina) və Serbiyanın (Novi Sad, Loznitsa, Leskovac və Zajecar) dörd stadionunda keçiriləcək. Açılış oyunu Serbiyada, final isə Albaniyada baş tutacaq.
Gənclər arasında Avropa çempionatı ilk dəfə Albaniya və Serbiyanın şəhərlərində keçiriləcək. Albaniya bu il ilk dəfə 17 yaşadək futbolçular arasında UEFA Avropa çempionatına ev sahibliyi edəcək. 2022-ci ildə ilk dəfə UEFA Konfrans Liqasının finalı ölkənin paytaxtı Tiranada keçirilib. Serbiya da öz növbəsində 2011-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatına, eləcə də 2016-cı ildə Belqradda futzal üzrə Avro-ya ev sahibliyi edib.
Aut.az
