“Napoli” “Roma”nı “ürəyindən” vurmaq istəyir
İtaliyadakı bir neçə mənbə iddia edir ki, “Napoli” yanvarda transfer pəncərəsində “Roma”nın kapitanı Lorentso Pelleqrinini heyətinə qatmaq istəyir.
Aut.az xəbər verir ki, “Gazzetta dello Sport”, “Repubblica” və “Sky Sport Italia” italiyalı yarımmüdafiəçinin “Napoli”nin baş məşqçisi Antonio Kontenin hədəflərindən biri olduğunu iddia edir.
2024/25 mövsümü Pelleqrini üçün yaxşı getmir. Əvvəlcə onu bəzi azarkeşlər Daniele De Rossinin “Roma”nın baş məşqçisi postundan qovulmasına töhfə verməkdə ittiham etdilər. Sonra o, Klaudio Ranyerinin rəhbərliyi altında “qurdlar”ın start heyətində yerini tamamilə itirdi.
28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, A Seriyasının son dörd oyunundan üçündə ehtiyat oyunçular skamyasında olub.
Pelleqrininin “Roma” ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır, lakin “Napoli” italyan yarımmüdafiəçini yanvarda almaq istəyir.
Aut.az
