Əfsanə titul sponsoru ilə belə vidalaşdı – FOTO
Formula 1-in yeddiqat çempionu Lyuis Hemilton “Mercedes”in titul sponsoru, Malayziyanın “Petronas” neft şirkətinin baş ofisinə vida səfəri edib.
Aut.az xəbər verir ki, şirkət Lyuisin 84 qələbə, 78 poul mövqeyi və altı dünya çempionluğu titulunu qazandığı 246 yarışın hamısında “Mercedes” ilə əməkdaşlıq edib.
Lyuis Hemilton şirkətin Kuala Lumpurdakı məşhur əkiz qüllələrinə baş çəkib, burada “Petronas”ın əməkdaşları ilə vidalaşıb. Lyuisin səfərində diqqət çəkən məqam onun “Petronas” Sərgi Salonunda 3000 malayziyalı azarkeşlə görüşü olub.
“Komandamız ilə “Petronas” arasında idman tarixinin ən böyük işlərindən biri olan bu qədər uğurlu əməkdaşlığın bir hissəsi olmaqdan çox qürur duyuram. Biz düşündüyümüzdən də çox şeyə nail olduq. Bu 12 ili heç vaxt unutmayacağam və eniş-yoxuşlara baxmayaraq, həmişə bir ailə olduq.
Buraya sonuncu dəfə “Mercedes” sürücüsü kimi gəlmək emosiyalar doğurdu. Əlbəttə, bir tərəfdən kədərlidir, amma eyni zamanda “Petronas”dakı həmkarlarımızla birlikdə gördüyümüz hər şeyi qeyd edə bilmək çox gözəldir. Bura gəlmək və dəstək hiss etmək həmişə xoşdur. Hamınız üçün darıxacağam”, – “Mercedes”in mətbuat xidməti Hemiltondan sitat gətirib.
Gələn ildən Lyuis Hemilton İtaliyanın “Ferrari” komandası üçün mübarizə aparacaq.

Aut.az
